Argentina buna görə İranı ittiham etdi
Argentina məhkəməsi 1992-ci ildə İsrailin Buenos-Ayresdəki səfirliyinə və 1994-cü ildə "Amia" Yəhudi Mərkəzinə hücuma görə İran hakimiyyətini “insanlığa qarşı cinayətlər”də ittiham edib.
Redaktor.az xəbər verir ki, bu barədə “France Press” Agentliyi məlumat yayıb.
Məhkəmənin açıqlamasında bildirilib ki, əldə olan sənədlər Tehran hakimiyyətinin Livanın “Hizbullah” silahlı qruplaşması ilə əməkdaşlıq edərək “tarixdə ən qanlı terror hadisəsini törətdiyi”ni sübut edir.
Məlumatda qeyd olunur ki, İran hökuməti "Amia" Yəhudi Mərkəzini bombaladığı üçün “terrorçu dövlət”dir və “insanlığa qarşı cinayət”də günahkardır. Bildirilib ki, 1994-cü ildə sözügedən mərkəzinin bombalanması nəticəsində 87 nəfər ölüb, 300-dən çox insan yaralanıb, 400 mağaza və evə ziyan dəyib.
Argentina məhkəməsi partlayışın İran hakimiyyəti tərəfindən planlaşdırıldığını və Livan "Hizbullah"ı tərəfindən həyata keçirildiyini iddia edir.
Bildirilib ki, İran Prezidenti İbrahim Rəisi hökumətində vəzifə tutan Möhsün Rezai və Əhməd Vahidi həmin hadisədə ittiham edilərək İnterpol vasitəsilə axtarışa verilib.