Roma Papasından İran və İsrailə ÇAĞIRIŞ

 17:20 14.04.2024     247

Roma Papası Fransisk İran və İsraili zorakılıqdan çəkinməyə çağırıb.

Bu barədə Redaktor.az “The Times” nəşrinə istinadən xəbər verir.

“Heç kim başqalarının varlığını təhdid etməməlidir. Bununla belə, bütün ölkələr sülhün tərəfində olmalı, israillilərlə fələstinlilərin iki dövlətdə yan-yana və təhlükəsiz şəraitdə yaşamasına kömək etməlidir”, - pontifik vurğulayıb.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib. O, hücumu "qanuni və haqlı özünümüdafiə aktı" hesab edib. ABŞ, Rusiya və müxtəlif KİV ümumi əməliyyatı uğursuz qiymətləndirib. İsrail hava məkanını açıb, Ben Qurion hava limanı fəaliyyətini bərpa edib. Ardınca İsrail ordusu sakinlərə sığınacaqları tərk etməyə icazə verib.

Azərbaycanın Xarici İşlər Nazirliyi bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırıb.