Britaniya onları Ermənistana göndərmək istəyir

 09:16 15.04.2024     291

Böyük Britaniya krallıqdan qovulan qanunsuz miqrantları qəbul edə biləcək dörd ölkə ilə danışıqlara başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "The Times" qəzeti diplomatik sənədlərə istinadən bildirib.

Bu məsələ ilə bağlı Ermənistan, Botsvana, Kot-d'İvuar və Kosta-Rika ilə dialoq davam edir.

Nəşrin məlumatına görə, London məhz bu dörd ölkə ilə Böyük Britaniya və Ruanda arasında əvvəllər əldə edilmiş razılaşmanın analoqunu bağlamağı gözləyir. Braziliya, Kolumbiya, Paraqvay, Peru və Ekvadorla mümkün əməkdaşlıq məsələsi də qaldırılıb, lakin Krallığın Xarici İşlər Nazirliyi hesab edir ki, bu ölkələrin hakimiyyət orqanları bunda çox maraqlı olmayacaq. Britaniya tərəfinin dialoqa başlaya biləcəyi Anqola, Kabo-Verde, Tanzaniya, Toqo, Seneqal və Syerra-Leone kimi Afrika dövlətlərinin ehtiyat siyahısı mövcuddur. Qambiya, Mərakeş, Namibiya və Tunis məsələni müzakirə etməkdən imtina ediblər.

Qəzet xatırladıb ki, Böyük Britaniya artıq bir il yarımdır ki, krallıqdan qovulan qanunsuz miqrantları qəbul etməyə hazır olacaq ölkələr axtarır. Ölkənin Baş naziri Rişi Sunak ötən ilin payızında müvafiq sazişlər bağlamağa ümid etsə də, Britaniya Ruandaya bir dənə də olsun qanunsuz miqrant göndərə bilmədiyi üçün danışıqlar dalana dirənib (report).