"ABŞ İran və İsrail arasında gərginliyin qarşısını almağa çalışır"
Birləşmiş Ştatlar İran və İsrail arasında gərginliyin daha da artmasının qarşısını almaq üçün Yaxın Şərqdə diplomatik səylər göstərir.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ dövlət katibi Entoni Blinken çıxış edib.
"Son 36 saat ərzində biz diplomatik cavab tədbirləri koordinasiya edir, sonrakı eskalasiyanın qarşısını almağa çalışırıq. Güc və müdriklik bir medalın müxtəlif tərəfləri olmalıdır", - Amerika xarici siyasət departamentinin rəhbəri vəziyyəti şərh edərkən deyib.
"Mən Yaxın Şərq bölgəsindəki həmkarlarımla sıx təmasdayam. Və biz bunu önümüzdəki saatlarda və günlərdə davam etdirəcəyik", - deyə Blinken Vaşinqtonda səfərdə olan İraq Baş nazirinin müavini Məhəmməd Təmim ilə görüşündə bildirib.
"Biz eskalasiyaya can atmırıq. Bununla belə, İsrailin müdafiəsini dəstəkləməyə və bölgədəki şəxsi heyətimizi qorumağa davam edəcəyik", - Amerika diplomatiyasının rəhbəri əlavə edib.
Bununla bağlı o, ABŞ Prezidenti Co Baydenlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında həftəsonu baş tutan söhbəti xatırladıb. “Prezident Baydenin Baş nazir Netanyahu ilə zəngində vurğuladığı kimi, Birləşmiş Ştatlar İsrailin müdafiəsinə sadiqdir”, - Blinken deyib. Onun sözlərinə görə, son günlər baş verənlər göstərdi ki, İsrailə qarşı hərbi güc tətbiq edilərsə, tək qalmayacaq.
Turan İSMAYIL