Bayden və həyat yoldaşının gəliri AÇIQLANDI
ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cill Bayden 2023-cü il üçün illik 619,9 min dollarlıq ailə gəliri barədə məlumat verən birgə vergi bəyannaməsi yayımlayıblar.
Redaktor.az xəbər verir ki, müvafiq bəyanat, eləcə də sənədlər Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.
Sənədə əsasən, gəlir vergisinin dərəcəsi 23,7% təşkil edib. 146,600 dollar vergidən təxminən 30,900 dolları prezident cütlüyünün ailə evi olan Delaverdə vergilərə ödənilib. Cill Bayden də Virciniyada 3500 dollar vergi ödəyib. Cütlük 17 xeyriyyə təşkilatına daha 20,5 min dollar bağışlayıb.
Keçən illə müqayisədə Bayden və həyat yoldaşının gəlirləri artıb - 2022-ci ildə onlar 580 min dollar gəlir açıqlayıblar.
Vitse-prezident Kamala Harris və əri Duqlas Emhoff da vergi sənədlərini açıqlayıb. 2023-cü ildə onların ümumi gəliri təxminən 450,3 min dollar olub. Onlar il ərzində 23 min dollar bağışlayıblar.
Eyni zamanda, Amerika prezidentinin oğlu Hanter Bayden azı 1,4 milyon dollar məbləğində federal vergilərdən yayınmaqda ittiham olunur. Ötən il dekabrın 7-də o, 2016-2020-ci illər arasında doqquz vergidən yayınmada ittiham olunub. Qeyd olunur ki, o, “bu pulu narkotiklərə, müşayiət xidmətlərinə və qızlara, dəbdəbəli otellərə və kirayə evlərə, lüks avtomobillərə, geyimlərə və digər şəxsi əşyalara, bir sözlə, vergilərini ödəməkdən başqa hər şeyə xərcləyib”. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.(publika.az)