İsrailin İrana cavabı belə ola bilər - ABŞ rəsmiləri AÇIQLADI
ABŞ rəsmiləri hesab edirlər ki, İsrailin İranın kütləvi hərbi hücumuna cavabı məhdud miqyasda olacaq və İrandan kənarda hücumları da əhatə edə bilər.
Redaktor.az bu barədə NBC News-a istinadən xəbər verir.
Adı açıqlanmayan ABŞ rəsmiləri nəşrə bildiriblər ki, İranın hücumundan əvvəl İsrailin potensial cavab tədbirləri heç bir hərbi əməliyyatdan tutmuş İran ərazisinə zərbələr endirməyə qədər müxtəlif olub.
NBC News mənbələri qeyd edib ki, İranın hücumu İsrailin məhvi və ya geniş dağıntılarla nəticələnmədiyi üçün İsrail daha az aqressiv variantlarından biri ilə - İrandan kənarda zərbələr endirməklə cavab verə bilər.
Üç ABŞ rəsmisi bildirib ki, bu cür variantlar Suriya daxilində İranın yüksək rütbəli generallarına deyil, İrandan "Hizbullah"a göndərilən qabaqcıl raket hissələri, silah və ya komponentləri olan yük və ya anbar obyektlərinə zərbə endirmək ola bilər.
Eyni zamanda jurnalistlərin mənbələri ABŞ-nin İrana cavab tədbirində iştirak etməyəcəyinə də aydınlıq gətirib. NBC News mənbələri İsrail hakimiyyətinin öz planlarını əvvəlcədən paylaşmasını gözləyir.
Xatırladaq ki, aprelin 13-dən 14-nə keçən gecə İran hərbçiləri İsrailə qarşı kütləvi hücuma keçib. Bunun üçün onlar 300-dən çox drondan, həmçinin ballistik və qanadlı raketlərdən istifadə ediblər.
Bu, İsrailin öz zərbəsi ilə İranın Suriyadakı konsulluğunu dağıtmasından sonra baş verib. Hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli generalı həlak olub.
İsrail nümayəndələri dəfələrlə bəyan ediblər ki, İranın bu cür hücumuna ölkənin cavab vermək hüququ var. Eyni zamanda KİV-in məlumatına görə, ölkənin müdafiə naziri Yoav Qalant Pentaqon rəhbəri Lloyd Oustin ilə söhbətində artıq İsrailin cavab verməkdən başqa çarəsi olmadığı barədə xəbərdarlıq edib.
Turan İSMAYIL