Ərdoğan partiyasının məğlubiyyətinin səbəbini AÇIQLADI

 15:18 17.04.2024     169

16 milyon seçicinin səsverməyə getməməsi seçkinin nəticələrinə təsirsiz ötüşməyib.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın parlament qrup toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, 31 martda uğurla keçirilən bələdiyyə seçkilərində bir neçə kiçik insident nəzərə alınmazsa, hər hansı ciddi qarşıdurma yaşanmayıb:

“Vətəndaşlarımız səsverməyə gedərək öz iradələrini nümayiş etdiriblər. Bölücü terror təşkilatlarının xalqımızı parçalamaq istəyi də nəticəsiz qalıb. Yüksək rəqabət şəraitində keçən təşviqat kampaniyasından sonra seəsvermə günü xalqımızın nümayiş etdirdiyi dərin demokratik iradə həqiqətən təqdirə layiqdir”.

Prezident xatırladıb ki, AK Partiyanın yerli təşkilatları təşviqat kampaniyasını kənd-kənd, küçə-küçə gəzərək həyata keçiriblər və bu yolda seçicilərlə daim təmasda olublar:

“Bizimlə birgə çiyin-çiyinə mübarizə aparan Dövlət Baxçalı başda olmaqla, Cümhur İttifaqına, həmçinin 31 mart seçkilərinin yüksək peşəkarlıqla təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Bizim siyasətimizin əsas hədəfi seçki qutularından çıxan nəticələrin etibarını qorumaqdır. Bu, Türkiyə və türk xalqı üçün böyük bir qazancdır. O baxımdan, seçki qutularından çıxan bütün nəticələri qəbul edirik. Çünki bu, xalqın iradəsidir və heç bir siyasətçi xalqın iradəsini yox saya bilməz”.

Türkiyə lideri bildirib ki, iqtidar olaraq, xalqın rifahının yaxşılaşdırılması üçün çalışan bütün bələdiyyələrə dəstək davam etdiriləcək:

“Mərkəzi Seçki Komissiyası (Yüksək Seçim Qurumu-red.) indiyə qədər 3 rayon, 4 qəsəbə və 7 fərqli dairədə səsvermənin nəticələrini ləğv edib. Bu ərazilərdə vətəndaşlarımız iyunun 2-də yenidən seçkiyə gedəcəklər. AK Partiya və Cümhur İttifaqı olaraq, bu seçkilərə indidən hazırlaşacağıq”.

R.T.Ərdoğan vurğulayıb ki, 31 mart seçkilərinin nəticələri bir sıra aspektlərdən ciddi analiz edilməlidir:

“Burada gözə çarpan əsas məqamlardan biri vətəndaşların seçkilərə marağının aşağı səviyyədə olmasıdır. Seçici fəallığı 78 faiz təşkil edən 31 mart seçkiləri son 20 ildə seçici aktivliyinin ən aşağı səviyyədə olduğu seçkilər kimi tarixə düşüb. Bunun səbəbləri hərtərəfli araşdırılır.

Etibarsız səsləri də nəzərə almaqla, bu seçkilərdə 16 milyon vətəndaşın iradəsi seçki qutularında əks olunmayıb. Bu, partiyamıza verilən səslərin faizinə də təsirsiz ötüşməyib. On ay əvvəlki seçkilərdə partiyamıza etimad göstərən vətəndaşların bir qisminin bələdiyyə seçkilərinə qatılmadığı müşahidə olunub və bunun səbəbini analiz edirik”.