Türkiyə İsrailə İranın hücumunu dəf etməkdə kömək edib? - AÇIQLAMA
Türkiyə Müdafiə Nazirliyindəki mənbələr Ankaranın İranın İsrailə qarşı son əməliyyatı ilə bağlı Kürəcikdəki RLS-dən İsrailə məlumat ötürə biləcəyi ilə bağlı hər hansı şübhəni rədd edib.
Redaktor.az xəbər verir ki, bununla bağlı mənbə yerli jurnalistlərin müvafiq sualını cavablandırıb.
“Kürəcikdəki radar yalnız milli təhlükəsizliyimiz üçün tikilib və NATO müttəfiqlərini qorumaq üçün istifadə olunur. NATO üzvü olmayan ölkələrlə mübadilədən söhbət getmir”, - TRT telekanalı mənbəyə istinadən xəbər verir.
Bundan əlavə, departament nümayəndəsi Türkiyə və ABŞ Hərbi Hava Qüvvələrinin İncirlik aviabazasının ərazisində birgə hərəkətləri mövzusuna da toxunub. “Aprelin 15-17-də Amerikanın B-1B təyyarələri bizim F-16-ların müşayiəti ilə Türkiyə hava məkanında havada olub, orada havada yanacaq doldurma təlimi keçirib və aprelin 17-də Amerika təyyarələri ölkəmizdən ayrılıb. Bu təlimlər ildə bir neçə dəfə ikitərəfli razılaşmalar çərçivəsində həyata keçirilir və onlar heç bir şəkildə regionumuzda baş verən son hadisələrlə bağlı deyil”, - deyə mənbə İranın İsrailə hücumuna toxunub.
Qeyd edək ki, bundan əvvəl Türkiyə ictimaiyyəti və sosial şəbəkələrdə təyyarədə yanacaq doldurulması ilə bu təlimlərlə bağlı müzakirələr başlayıb. Türkiyənin beləliklə İsrail Hərbi Hava Qüvvələrinə və müttəfiqlərinə İranın hücumunu dəf etməkdə kömək edə biləcəyi irəli sürülüb.
Turan İSMAYIL