Almaniya Ukraynaya 400 zirehli texnika vəd etdi - KİV

 16:19 22.04.2024     195

Almaniya hökuməti Ukrayna hərbçilərinə gücləndirilmiş minalardan mühafizəsi olan 400-ə qədər ağır MRAP (Mine Resistant Ambush Protected) təkərli zirehli maşını təhvil verəcəyini vəd edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Zirehli texnikanın tədarükü ilə bağlı müqavilə Ukrayna hakimiyyəti ilə Almaniyanın müdafiə şirkəti Flensburger Fahrzeugbau GmbH (FFG) tərəfindən Almaniya büdcəsindən ümumi məbləği 315 milyon avro olan maliyyə vəsaiti ilə imzalanıb.

Almaniya Müdafiə Nazirliyi bildirir ki, bütün zirehli texnikaların bu il çatdırılması planlaşdırılır.

Eyni zamanda, nəşr ötən ilin sentyabrından Almaniya Müdafiə Nazirliyindən Ukrayna Silahlı Qüvvələri üçün MRAP-ların 2024-cü ilin yanvar-oktyabr ayları arasında 20-lik partiyalarla çatdırılmalı olduğu barədə sənəd əldə edib. Lakin çatdırılma hələ başlamayıb.

Alman nəşrinin yazdığına görə, 2024-cü il üçün plan əvvəlcə 200, sonra isə 100 zirehli maşına endirilib, tədarüklərin başlanması yanvardan may-iyun aylarına təxirə salınıb.

Səbəb odur ki, FFG MRAP hissələrini ABŞ-dən alır və yalnız Almaniyada yığır. Şirkət ABŞ-dən Almaniyaya ixrac üçün lisenziya məhdudiyyətləri, eləcə də minalardan mühafizə sertifikatı ilə bağlı problemlər yaşayıb.

T.İSMAYIL