Pakistan və İrandan BMT Təhlükəsizlik Şurasına İsraillə bağlı ÇAĞIRIŞ

 14:06 24.04.2024     221

İran və Pakistan BMT Təhlükəsizlik Şurasını İsrailin Yaxın Şərqdə gərginliyin artmasına səbəb olan qanunsuz hərəkətlərinin qarşısını almağa çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə İran prezidenti İbrahim Rəisinin Pakistana iki günlük səfərinin yekunlarına dair birgə bəyanatda deyilir.

“Tərəflər BMT Təhlükəsizlik Şurasını İsrail rejiminin bölgədəki avantürist hərəkətlərinin, qonşu ölkələrə və xarici diplomatik obyektlərə qanunsuz hücumlarının qarşısını almağa çağırıb”, – Pakistan Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənəddə qeyd olunur.

Bəyanatda qeyd edilib ki, Tehran və İslamabad “İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə hücumun Suriyanın suverenliyinin pozulması” və BMT Nizamnaməsi və beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu vurğulayıblar.

Xatırladaq ki, aprelin 1-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) ictimaiyyətlə əlaqələr idarəsi İsrail hərbi hava qüvvələrinin Suriyanın paytaxtında İranın konsulluq bölməsinə endirdiyi zərbə nəticəsində 7 iranlı hərbi məsləhətçinin həlak olduğunu elan edib. Hücumun qurbanları iki SEPAH generalı və daha beş zabit olub. İsrail hadisəyə görə heç bir rəsmi məsuliyyəti öz üzərinə götürməyib. Eyni zamanda İsrail ordusunun sözçüsü Daniel Hagari CNN-ə bildirib ki, Dəməşqdəki konsulluq deyil, SEPAH-ın hərbi obyektinə hücum edilib.

Turan İSMAYIL