"ATACMS raketlərinin Kiyevə verilməsi ABŞ üçün çox pis nəticələnə bilər" - Senator
ATACMS taktiki ballistik raketlərinin Ukraynaya verilməsi ABŞ-nin özü üçün mənfi nəticələrə səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, bu bəyanatla ABŞ senatoru Mayk Li (Yutadan respublikaçı) çıxış edib.
"Ukraynaya eskalasiyaya səbəb ola biləcək silahların göndərilməsi bizim üçün çox pis nəticələnə bilər", - deyə o, ATACMS raketlərinin ötürülməsi ilə bağlı mediada yayılan xəbərləri şərh edərkən "X"də yazıb.
Mayk Li həmçinin Ukrayna münaqişəsində sülhün təmin olunması strategiyasının olmadığı fikrini də bildirib.
Xatırladaq ki, aprelin 24-də keçirdiyi brifinqdə ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan bildirib ki, Amerika lideri Co Bayden bu ilin fevralında Ukraynaya xeyli sayda ATACMS taktiki ballistik raketlərin təhvil verilməsini əmr edib.
T.İSMAYIL