Pakistan Xan Yunisdəki qətliamları araşdırmağı tələb etdi
Pakistan İsrailin Qəzza zolağındakı hərəkətlərini pisləyir və BMT-nin Xan Yunisdə ölənlərlə bağlı təhqiqat tələbinə qoşulur.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə günü Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluç həftəlik mətbuat brifinqində bildirib.
"Qəzzada iki böyük xəstəxanada kütləvi məzarlıqların tapılması insan şüurunu şoka salır", - o deyib.
“Pakistan BMT-nin İsrail işğalçı qüvvələri tərəfindən kişi, qadın və uşaqların kütləvi məzarlıqları və kütləvi qətli halları ilə bağlı aydın, şəffaf və etibarlı təhqiqat aparılması çağırışına qoşulur.
Biz dinc sakinləri daha çox qan tökülməsindən qorumaq üçün qeyd-şərtsiz atəşkəsin vacibliyini vurğulayırıq. Faktların müəyyən edilməsi, Qəzza zolağında hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılması üçün müstəqil və qərəzsiz araşdırmaların aparılması vacibdir", - Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib.
"Al Mayadeen" telekanalının məlumatına görə, İsrail qoşunlarının çıxarılmasından sonra Fələstinin fövqəladə hallar xidmətləri məzarlardan 332 qurbanın cəsədini çıxarıb.
Aprelin 7-də İsrail Müdafiə Qüvvələri komandanlığı 4 aydır orada fəaliyyət göstərən 98-ci diviziyanın Xan Yunisdən geri çəkildiyini elan edib. Əməliyyat nəticəsində hazırda şəhərin böyük hissəsi xarabalıqlara çevrilib, yollara və infrastruktura ciddi ziyan dəyib.
Turan İSMAYIL