ABŞ-də daha bir polis zorakılığı - qaradərili öldürüldü

 09:59 27.04.2024     531

ABŞ-nin Ohayo ştatında 53 yaşlı Frank Taysonun polis tərəfindən saxlanılarkən zorakılığa məruz qalması, əlləri arxadan qandallı olduğu halda asayiş keşikçiləri tərəfindən boğularaq öldüyü məlum olub.

Redaktor.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Aprelin 18-də Ohayo ştatının Kanton şəhərində yol qəzası törədib, qaçdığı iddia edilən afroamerikalının polis zorakılığı nəticəsində ölməsinin görüntüləri bu gün ictimaiyyətə açıqlanıb.

Hadisəyə müdaxilə edən polis əməkdaşlarının kameralarından lentə alınan görüntülər sosial mediada sürətlə yayılıb, olay 2020-ci ildə polis zorakılığı nəticəsində dünyasını dəyişmiş afroamerikalı Corc Floydun ölümü ilə müqayisə olunub.

Görüntülərdə nəqliyyat vasitəsi ilə qəza törətdiyi iddiası ilə bufetdə polis tərəfindən saxlanılan Taysonun yerə yıxılaraq əlləri arxaya qandallanaraq polisi nəzərdə tutaraq, dəfələrlə “məni öldürməyə çalışırlar”, dediyi görünür.

Polisin dizi ilə boğazını sıxdığı, üzü üstü yerə uzanmış, əlləri qandallı olan afroamerikalının bir neçə dəfə “nəfəs ala bilmirəm” deməsi kameraya düşüb.

Bir neçə dəqiqə sonra polis əməkdaşı hələ də afroamerikalı kişinin sağ olub-olmadığını yoxlayır, Taysonun nəfəs almadığını anlayır və ürək masajı etməyə başlayır, sonra isə şübhəli şəxs təcili yardımla xəstəxanaya aparılır.

Polisin verdiyi məlumata görə, Tayson xəstəxanada ölüb, hadisədə iştirak edən asayiş keşikçiləri istintaqa təhvil verilib.

Xatırladaq ki, 2020-ci ildə afroamerikalı Corc Floyd polis zorakılığı nəticəsində ölüb, hadisədən sonra ABŞ-də həftələrlə irqçilik və polis zorakılığı əleyhinə iri miqyaslı aksiyalar keçirildi.