Blinken Ər-Riyadda Körfəz ölkələri nazirlərinin görüşündə iştirak edəcək
Dünya İqtisadi Forumunun (WEF) xüsusi sessiyasında iştirak etmək üçün Ər-Riyada səfərə gələn ABŞ dövlət katibi Entoni Blinken Körfəz ölkələrinin xarici işlər nazirləri ilə görüşəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Fars Körfəzi Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının katibliyinin bəyanatında deyilir.
Bazar ertəsi Blinken regional turunun ilk dayanacağı olan Səudiyyə Ərəbistanına gəlib. Ər-Riyaddan sonra dövlət katibi İsrail və İordaniyaya səfər edəcək və orada Qəzza zolağındakı vəziyyəti müzakirə edəcək. Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin sözlərinə görə, Amerika diplomatiyasının rəhbəri Fələstin anklavında HƏMAS hərəkatının girovlarının azad edilməsinə və humanitar yardımın həcminin artırılmasına imkan verəcək atəşkəs məsələlərinə diqqət yetirəcək.
Ər-Riyadda dövlət katibi WEF-in xüsusi sessiyasında iştirak edəcək, Səudiyyə Ərəbistanı və Türkiyənin xarici işlər nazirləri ilə danışıqlar aparacaq. Blinkenin Misir, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Fələstinin nümayəndələri ilə də görüşü nəzərdə tutulub.
WEF-in prezidenti Borge Brendenin verdiyi məlumata görə, sessiya zamanı bir sıra ölkələrin yüksək səviyyəli nümayəndələri, o cümlədən ABŞ dövlət katibi, Səudiyyə Ərəbistanı, Qətər və Misirin xarici işlər nazirləri Qəzzadakı münaqişənin sülh yolu ilə həllinə dair danışıqlar aparacaqlar.
T.İSMAYIL