Qəzzada müvəqqəti liman 320 milyon dollara başa gələcək
Qəzza zolağına humanitar yardımın çatdırılması üçün müvəqqəti limanın tikintisinin dəyəri 320 milyon dollara çatacaq.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ hərbçiləri və qanunvericilərindən olan mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, obyektin tikintisinin dəyəri 2024-cü ilin əvvəlində edilən ilkin hesablamalarla müqayisədə demək olar ki, iki dəfə artıb.
Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü Rocer Uiker agentliyə “xərclər təkcə artmayıb, o, sürətlə artıb” deyib.
O, limanın tikintisini “az fayda gətirəcək təhlükəli iş” adlandırıb.
Uiker və bir sıra digər qanunvericilər bu təşəbbüsün Amerika vergi ödəyicilərinin yükünü artıracağına inanırlar.
Qeyd edək ki, aprelin 25-də Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, ABŞ ordusu Qəzza zolağına humanitar yardımın çatdırılması üçün müvəqqəti limanın tikintisinə başlayıb. ABŞ səlahiyyətlilərinə görə, müvəqqəti liman İsrail Müdafiə Qüvvələrinin anklavın cənubundakı Rəfah şəhərinə mümkün müdaxiləsi fonunda çatdırılan yardımın həcmini artıracaq.
Martın 7-də ABŞ Prezidenti Co Bayden bəyan edib ki, Vaşinqton bu anklava dəniz yolu ilə humanitar yardım çatdırmaq üçün Qəzzada müvəqqəti liman yaradır. Pentaqon ABŞ əsgərlərinin yardım çatdırarkən sektordakı gəmilərdən düşməyəcəyini bildirib.
T.İSMAYIL