ABŞ BCM-nin İsrail rəsmilərinin həbsinə dair order verəcəyindən qorxur
Birləşmiş Ştatlar və müttəfiqləri Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) anklavdakı əməliyyatlara görə yüksək rütbəli yəhudi dövlət məmurlarının həbsinə order verəcəyi təqdirdə Qəzza zolağında atəşkəsin təhlükə altına düşə biləcəyindən qorxurlar.
Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazır.
Vaşinqton hesab edir ki, İsrail Fələstinin radikal HƏMAS hərəkatı ilə razılaşmadan imtina edə bilər və Yeddilik Qrupuna (G7) daxil olan digər ölkələrlə birlikdə öz narahatlığını BCM-yə çatdırmağa çalışır.
Bundan əvvəl Misir İsrail tərəfi ilə razılaşdırılmış təşəbbüsü HƏMAS-a təhvil verib və bu təşəbbüs atəşkəs müqabilində Qəzza zolağında saxlanılan 20-40 girovun azad edilməsini nəzərdə tutur. Əl-Qahirə Əl-İxbariya telekanalındakı mənbənin sözlərinə görə, HƏMAS və İsrail arasında razılaşma çox güman ki, “bəzi qeyd-şərtlərə baxmayaraq, yaxın bir neçə gün ərzində” əldə olunacaq.
Aprelin 26-da İsrailin baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin ölkəsinə qarşı mümkün hərəkətləri ilə bağlı bəyanat verərək, bu qurumun “İsrailin ayrılmaz özünümüdafiə hüququnu pozmaq” cəhdlərinə imkan verməyəcəyini vurğulayıb. Baş nazirin sözlərinə görə, İsrailin təmsil etdiyi “Yaxın Şərqdə yeganə demokratiyanın” hərbçilərinin və rəsmilərinin həbs təhlükəsi qlobal miqyasda “təhlükəli presedent yaradacaq”.
Bundan əvvəl İsrail televiziyasının 12-ci kanalı məlumat vermişdi ki, yəhudi dövlətinin hakimiyyət orqanları Qəzza zolağında baş verən hadisələrlə bağlı yüksək rütbəli İsrail məmurlarına qarşı BCM-nin mümkün həbs orderlərinin verilməsindən ciddi qorxurlar. Eyni zamanda, “Kanal 12”nin Haaqadakı mənbələri qeyd edirlər ki, bu, ABŞ-nin sanksiyası olmadan baş tutmayacaq.
T.İSMAYIL