"HƏMAS İsrailin atəşkəs təklifini qəbul etməlidir"

 19:30 29.04.2024     236

ABŞ dövlət katibi Antoni Blinken Ər-Riyadda Qətər hökumətinin başçısı, xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşü zamanı bildirib ki, Fələstinin radikal HƏMAS hərəkatı İsrailin irəli sürdüyü atəşkəs təklifini qəbul etməlidir. B

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

"Dövlət katibi, HƏMAS-ın indi masada olan əsaslı təklifi qəbul etməsinin vacibliyini vurğuladı", - Miller yazılı açıqlamasında bildirib. O, əlavə edib ki, danışıqlar zamanı tərəflər “HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsinə gətirib çıxaracaq Qəzzada atəşkəsin yaradılması üzrə davam edən səyləri” müzakirə ediblər.

Bundan əlavə, Amerika xarici siyasət idarəsinin rəhbəri iki ölkənin Qəzza zolağına humanitar yardımın nəqlini daha da artırmaq və saxlamaq öhdəliyinə diqqət çəkib.

Xatırladaq ki, Blinken aprelin 29-da Yaxın Şərq turunun ilk dayanacağı olan Səudiyyə Ərəbistanına gəlib. Bu həftə Amerika diplomatiyasının rəhbəri İsrail və İordaniyaya da səfər edəcək və orada Qəzza zolağındakı vəziyyəti müzakirə edəcək. Miller bildirib ki, Blinken Qəzzada HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsinə və anklav sakinləri üçün humanitar yardımın artırılmasına imkan verəcək atəşkəsə diqqət yetirəcək.

T.İSMAYIL