Özbəkistan Prezidentini feysbukda təhqir edən şəxsə hökm oxundu

 17:02 30.04.2024     227

Namanqan Şəhər Cinayət Məhkəməsi Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ünvanına təhqiramiz və böhtan xarakterli ifadələr işlətdiyinə görə vətəndaşı 5 il müddətinə azadlıqdan məhrum edib.

Redaktor.az xəbər verir ki, bu barədə "gazeta.uz" internet nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, məhkəmə 27 yaşlı Namanqan sakini D.T.-ni “sosial şəbəkələrdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi təhqir etməkdə, habelə xaricə qanunsuz səfər etməkdə” təqsirli bilib.

D. T. 2023-cü il dekabrın 4-də İrandan qayıtdıqdan sonra saxlanılıb və ona Cinayət Məcəlləsinin 158-ci maddəsinin 3-cü hissəsi (Özbəkistan Prezidentinin ünvanına açıq şəkildə təhqir və ya böhtan atma, habelə mətbuatdan və ya digər kütləvi informasiya vasitələrindən, telekommunikasiya şəbəkələrindən və ya internetdə istifadə etmə) ittiham irəli sürülüb. 

Məhkumun 2016-cı ilin sentyabrında lazımi sənədləri almadan İrana getdiyi də bildirilir.

Nəşr məhkəmə materiallarına istinadən yazır ki, D. T. feysbuk sosial şəbəkəsində Prezident Şavkat Mirziyoyevin planlaşdırılan tədbirdə iştirakından bəhs edən nəşrin altında böhtan xarakterli şərh yazıb. 

T.İSMAYIL