Paşinyanın suyu masaya tökərək izahı gündəm oldu - VİDEO

 23:58 30.04.2024     339

“Demokratik bir dövlətdə suverenliyin ən mühüm atributu ondan ibarətdir ki, xalq öz hüquq və vəzifələrinin dairəsini müəyyən edir, yəni xalqın hansı hüquq və vəzifələrə sahib olduğuna başqaları deyil, xalqın özü qərar verir”.

Redaktor.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hüquq, yurisdiksiya, suverenlik və ərazi bütövlüyünə həsr olunmuş “Dövlət haqqında söhbətlər” adlı videoçarxda deyib.

O bildirib ki, bu hüquq və vəzifələrin tətbiq olunduğu ərazi haqqında təsəvvürə malik olmaq vacibdir.

Paşinyanın fikrincə, ərazi göstərilmədən suverenlik, hüquq və hətta dövlətçilik eroziyalanır və az istifadə olunur, tətbiq olunmaz və hətta həyata keçirilməz hala gəlir.

İdeyasını daha aydın nümayiş etdirmək üçün Paşinyan su ilə doldurulmuş qab götürüb. Xalqdan qabın içindəkilərin hüquq və vəzifələrin olduğunu təsəvvür etmələrini istəyib.

Paşinyan daha sonra boş stəkana su tökərək bildirib ki, hüquqlar, vəzifələr konkret formadadırsa, deməli, onlar məqbul və həyatqabiliyyətlidirlər.

Sonra o, hüquq və vəzifələrin konkretləşmədiyi zaman nələrin baş verəcəyini təsəvvür etməyi təklif edib və qabdakı suyu stolun üstünə töküb.

Kadrlarda masadakı suyun Paşinyanın paltarına töküldüyü əks olunub.

“Beləliklə, hüquq və vəzifələr qeyri-məqbul olur, bulanıqlaşır, problemlər və diskomfort hissi yaradır. Bizim Tavuş bölgəsində gördüyümüz işlərin məqsədi də məhz budur. Bunun tərkib hissəsi kimi vətəndaşların hüquq və vəzifələrinin dairəsi xeyli gücləndiriləcək, bu birlik dövlətimizin inkişafına və mövcudluğuna təminat verəcək”, - deyə, Paşinyan həm də sərhəddəki delimitasiya prosesinə münasibət bildirib.