Gürcüstan parlamentində yenə dava oldu

 13:05 01.05.2024     187

Gürcüstan parlamentinin deputatları plenar iclasda “Xarici agentlər haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsini davam etdiriblər.

Redaktor.az xəbər verir ki, iclas qanunverici orqanın saytında canlı yayımlanır.

İclas başlamazdan əvvəl deputatlar arasında dava olub. Parlament çoxluğu ilə müxalifət nümayəndələri öz aralarında mübarizə aparıblar. Buna səbəb aprelin 30-da "Xarici agentlər haqqında" qanuna qarşı keçirilən aksiyanın dağıdılması zamanı xüsusi təyinatlılarla toqquşma nəticəsində yaralanan ən böyük müxalifət partiyası “Vahid Milli Hərəkat”ın sədri, deputat Levan Xabeişvilinin ətrafındakı vəziyyət olub. 

Hazırda qanunverici orqanın plenar zalında vəziyyət sakitdir. Hüquq məsələləri üzrə komitənin rəhbəri Anri Oxanaşvili məruzə ilə çıxış edir. Deputatlar qanun layihəsini maddə-maddə nəzərdən keçirirlər. Qanun layihəsinə səsvermənin çərşənbə günü baş tutub-tutmayacağı hələ məlum deyil.

Qeyd edək ki, ötən gün Tbilisidə Gürcüstan parlamenti qarşısında deputatların “Xarici agentlər haqqında” anun layihəsinə ikinci oxunuşda baxıldığı etiraz aksiyası keçirilib. Etiraz polislə toqquşmaya çevrilib: 6 polis əməkdaşı xəsarət alıb, 63 nəfər inzibati qaydada həbs edilib.

Aprelin 17-də Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin, müxalifətin və Qərb diplomatlarının etiraz etdiyi və respublikanın Avropa İttifaqına inteqrasiyasına maneə hesab edən “Xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Aprelin 15-dən Tbilisidə müxalifət və vətəndaş fəalları qanun layihəsinə qarşı mitinqlər keçirir.

Aprelin əvvəlində “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası qanun layihəsini yenidən parlamentə təqdim etmək qərarını elan edib. Bu, oxşar təşəbbüsün kütləvi etirazlara səbəb olmasından və hakimiyyəti qanun layihəsindən imtina etməyə məcbur etməsindən bir il sonra baş verir. Onun mətni “xarici təsir agenti” termini istisna olmaqla, ötən il olduğu kimi qalır. Əvəzində “xarici gücün maraqlarını güdən təşkilat” anlayışı işlədilib.

T.İSMAYIL