“Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq” - Paşinyan
“Azərbaycanla sərhəd delimitasiya olunmadığı üçün müəyyən münaqişə riski var. Bu riski minimuma endirmək üçün münaqişə potensialının ən yüksək olduğu yerlərdən başlayırıq ki, vəziyyəti nəzarətdə saxlaya bilək”.
Redaktor.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasının efirində deyib. O, Azərbaycanla normallaşma ilə bağlı bir sıra açıqlamalarla çıxış edib.
“Delimitasiya prosesi zamanı Ermənistan hökuməti qarşısına təkcə ayrı-ayrı sahələr üzrə deyil, həm də Azərbaycanla bütün sərhədin bərpası üçün hüquqi əsas yaradan prinsipin qəbul edilməsi vəzifəsini qoyub. 2022-ci il oktyabrın 6-da biz Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanla bir-birimizin ərazi bütövlüyü və suverenliyinin tanınması barədə razılığa gəldik. Biz razılaşdıq ki, Alma-Ata Bəyannaməsi delimitasiya prosesi üçün əsas olacaq. İndi bu prosesə sadiqliyimizi praktikada nümayiş etdirmək son dərəcə vacibdir.
Növbəti illərdə dövlətimiz həlledici əhəmiyyət kəsb edəcək qərarlar qəbul etməli olacaq. Bu müddət ərzində dövlətçiliyimizi, suverenliyimizi və müstəqilliyimizi qoruyub saxlaya bilsək, o zaman növbəti onilliklərdə Ermənistan Respublikasının müstəqil dövlət kimi mövcudluğunu davam etdirə biləcəyik. Bu, gözünüzün qabağında baş verir”, - deyə o bildirib.
Paşinyanın sözlərinə görə, Delimitasiya Komissiyası hazırda delimitasiya prosesinin getdiyi ərazidə işini yekunlaşdırır.
“İyulun 1-dək komissiyanın növbəti addımlar üçün iş reqlamenti, o cümlədən cari prosesin təcrübəsi nəzərə alınaraq dəqiqləşdiriləcək. Komissiyaların əsasnaməsi iki ölkənin daxili qanunvericiliyinə uyğun olaraq təsdiq ediləcək. Bundan sonra sərhəd komissiyasının üzvləri bir araya gələrək işi hansı sahələrdə davam etdirəcəklərini müəyyənləşdirəcək və razılaşdıracaqlar. Kirants bölgəsində demarkasiya edilməli olan 11 məntəqəmiz var. Yaxın günlərdə biz mübahisəli olmayan hissənin sərhədlərini müəyyənləşdirməyə başlayacağıq və qalan 3 məntəqə üzrə həlli yollarını axtaracağıq.
Müdafiə Nazirliyi delimitasiya edilmiş sərhəd ərazilərində xidmət göstərməyəcək. Sərhəd mühafizəsi bütünlüklə Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən həyata keçiriləcək.
Gözümüzün qabağında təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan strukturlar və ölkələr öz öhdəliklərini yerinə yetirə bilmədilər. Buradan belə nəticə çıxır ki, biz özümüzə güvənməli və təhlükəsizliyi təmin etmək üçün tədbirlər görməliyik”, - baş nazir vurğulayıb. (oxu.az)