Məşhur jurnalistin keçmiş arvadı həbs olundu

 10:09 08.05.2024     204

Moskva məhkəməsi jurnalist və yazıçı Nadejda Kevorkovanı terrora haqq qazandırmaq ittihamı ilə həbs edib. Onu 7 ilə qədər həbs gözləyir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Müdafiə tərəfi Nadejdanın xarici pasportunun müddətinin bitdiyini, yəni onun Rusiyanı tərk edə bilməyəcəyini əsas gətirərək, məhkəmədən jurnalist barəsində ev dustaqlığı və ya başqa, daha yüngül həbs qətimkan tədbiri seçməyi xahiş edib.

Kevorkova üçün zəmanəti onun keçmiş əri, tanınmış jurnalist, siyasətçi və ictimai xadim Maksim Şevçenko, həmçinin yazıçı Aleksandr Proxanov, İslam Biznes Assambleyasının prezidenti Marat Kabayev, redaktor Anna Danilova, jurnalist Eva Merkaçova və başqaları imzalayıblar.

Kevorkova günahını etiraf etməyib.

Mayın 6-da Kevorkovanın Moskvadakı mənzilində axtarış aparılıb. Jurnalist əsas etibarilə Qafqazda və Yaxın Şərqdəki münaqişələrdən, habelə müsəlmanların Rusiyada və dünyada təqib olunmasından yazır.

O “Novaya qazeta”, “Nezavisimaya qazeta”, “Kavkazski Uzel” kimi nəşrlərdə, habelə RT dövlət telekanalında çıxışlar edib.

Kevorkova “Novaya qazeta” qəzetinin xüsusi müxbiri Vasili Polonskinin anasıdır.