Tokiodan ABŞ-nin atom bombaları barədə bəyanatlarına sərt REAKSİYA

 16:31 10.05.2024     196

Amerika rəsmilərinin ABŞ-nin Xirosima və Naqasakiyə atom bombası atmasının İkinci Dünya müharibəsinə son qoyması ilə bağlı bəyanatları yersizdir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Tokioda mətbuat konfransında bildirib.

"Hesab edirəm ki, Xirosima və Naqasaki ilə bağlı şərhlər yersizdir. Yaponiya hesab edir ki, Xirosima və Naqasakiyə atom bombalarının atılması çoxlu insanların həyatını məhv edib və misilsiz iztirablara səbəb olub. Nəhəng dağıdıcı və öldürücü gücünə görə nüvə silahının istifadəsi beynəlxalq hüququn ideoloji əsasını təşkil edən humanizm ruhu ilə bir araya sığmayan hesab edilir”, - nazir deyib.

Bununla belə, Kamikava bildirib ki, Yaponiya gələcəkdə nüvə silahlarının bir daha heç vaxt istifadə edilməməsi üçün ABŞ ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Qeyd edək ki, ABŞ Senatında bu yaxınlarda keçirilən dinləmələr zamanı senator Lindsi Qrem ABŞ-nin Yaponiya şəhərlərinə atom bombası atmasının müharibəyə son qoyduğunu iddia edib.

"General Braun, İkinci Dünya müharibəsində Xirosimaya və ya Naqasakiyə atom bombası atmağı dəstəkləyərdiniz? Sizcə, Amerikanın Yaponiya şəhərlərinə iki atom bombası atmaq qərarı düzgün idimi?" – senator hərbçilərdən soruşub. ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Çarlz Braun "Bu, müharibəni dayandırdı" deyib. "Bəs siz, General Ostin, əgər müdafiə naziri olsaydınız, onları atmağın tərəfdarı olardınız?" - Qrem Pentaqonun rəhbəri Lloyd Ostinə üz tutub. "Mən sədr (Braun) ilə razılaşardım", - Ostin deyib.

xatırladaq ki, Xirosima və Naqasakiyə atılan atom bombaları ABŞ tərəfindən İkinci Dünya müharibəsinin ən sonunda rəsmi olaraq elan edilmiş Yaponiyanın təslim olmasını sürətləndirmək məqsədi ilə həyata keçirilib. Bunlar bəşəriyyət tarixində nüvə silahından döyüş istifadəsinə dair yeganə nümunələrdir. Xirosimaya atılan bombanın partlaması nəticəsində bir gündə, müxtəlif hesablamalara görə, 70 mindən 100 minə qədər insan həlak oldu. 1945-ci ilin sonunda yaralarından və radiasiyaya məruz qalmasından xəstəxanalarda ölənlərin sayı 140 minə çatdı. Bu günə qədər qurbanların ümumi sayı 350 mini keçib.

Turan İSMAYIL