"NATO böyük addımlarla müharibəyə doğru irəliləyir" - Macarıstan
Macarıstan NATO ölkələrinin Ukraynaya yardımla bağlı mövqeyindən narazıdır. Budapeşt hesab edir ki, Alyans böyük addımlarla müharibəyə doğru irəliləyir.
Redaktor.az "digi24"ə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
Onun sözlərinə görə, Macarıstan NATO-nun Ukrayna üçün ayrılan 100 milyard avro fondunda, nə də Alyansın Ukraynaya hərbi yardım və ukraynalı əsgərlərin təlimini əlaqələndirmək planlarında iştirak etməyəcək.
"NATO öz qırmızı xətlərini keçib və müharibəyə doğru böyük addımlar atır, birbaşa qarşıdurma isə Üçüncü Dünya müharibəsinin başlaması riskini daşıyır", - Siyarto bildirib.
O əlavə edib ki, NATO ölkələri Ukraynadakı müharibəni öz müharibəsi hesab edir. Bu fikir Budapeştin mövqeyinin əksinədir.
"Bu, bizim müharibəmiz olduğuna inananlar Ukrayna qalib gələnə qədər müharibənin davam etdirilməsini dəstəkləyirlər", - nazir hesab edir.
Onun fikrincə, müharibəni bitirmək üçün “yeganə real yol” diplomatiyadır.
Qeyd edək ki, Macarıstan Ukraynada iki ildir davam edən genişmiqyaslı müharibədə ukraynalı müdafiəçilərə hərbi yardım göstərməkdən imtina edir. Eyni zamanda Budapeşt Moskva ilə diplomatik və iqtisadi əlaqələri davam etdirir.
Macarıstan rəsmiləri, o cümlədən Baş nazir Viktor Orban Ukraynaya silah verilməsinə qarşıdır.
Turan İSMAYIL