Daşqınlarda ölənlərin sayı 267-yə çatdı
Keniyada üç həftədir davam edən daşqınlar nəticəsində ölənlərin sayı 267-yə, yaralananların sayı isə 188 nəfərə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə Keniyanın daxili işlər naziri Kisure Kindiki bildirib.
Onun sözlərinə görə, 75 nəfər itkin düşüb. Nazir qeyd edib ki, təbii fəlakət 389 min nəfərin həyatına təsir edib, 56 min ailə isə evini tərk etməyə məcbur olub.
İnformasiyaya əsasən, Keniyada 9 min dekar kənd təsərrüfatı sahəsi zərər görüb, 4 min kənd təsərrüfatı heyvanı tələf olub. Hökumət daşqınlardan zərər çəkənlər üçün 167 düşərgə yaradıb.
Keniya da daxil olmaqla Tanzaniya, Somali, Burundi və Konqo Demokratik Respublikası kimi Şərqi Afrika ölkələri leysan yağışların yaratdığı daşqınlardan ziyan görüb.
Qeyd edək ki, bir müddət əvvəl Keniyada təbii fəlakət nəticəsində ölənlərin sayının 228 nəfər olduğuna dair məlumat yayılmışdı.