“Bizim yolumuz yalnız Avropa İttifaqınadır”
Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa Gününə həsr olunmuş tədbirdə bildirib ki, ölkəsinin yolu yalnız Avropa İttifaqınadır və əsas xarici siyasət prioriteti Avropa İttifaqına (Aİ) üzvlükdir.
Redaktor.az Gürcüstanın Birinci Kanalına istinadən xəbər verir ki, Kobaxidzenin sözlərinə görə, hökumət Avropa İttifaqında olduğu kimi, inkişaf və rifah səviyyəsinə nail olmaq istəyir.
“Avropada qanunun aliliyi, demokratiya, insan haqları və rifah dövləti kimi dəyərlər geri dönməz şəkildə bərqərar oldu. Avropanın mərkəzində, Düsseldorfda keçirdiyim üç ili xatırlayıram. Avropa mədəniyyətinin keyfiyyəti və rifahı haqqında o zaman ilk əldən aldığım təəssüratı xatırlayıram. Bu, çox böyük təəssüratdır və biz Gürcüstanda da məhz bu inkişaf səviyyəsinə və eyni rifah səviyyəsinə nail olmaq istəyirik.
Ona görə də təbii ki, bizim yolumuz ancaq Avropa İttifaqından keçir və bizim əsas xarici siyasət prioritetimiz Avropa İttifaqına üzvlüklə bağlıdır. Əminəm ki, bu gün Avropa İttifaqının üzləşdiyi iqtisadi və ya dəyər problemləri müvəqqətidir və bizim böyük avropalılar qarşısında borcumuzdur ki, hər birimiz 1950-ci il mayın 9-da əsası qoyulan Avropa İttifaqının bərpasına öz töhfəmizi verək. Biz bu məsuliyyətlə hərəkət etməliyik”, - deyə İrakli Kobaxidze bildirib.