“Etirazçılar polisə qarşı zorakılığa hazırlaşır”
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, xarici agentlər haqqında qanuna etiraz edənlər tezliklə polisə qarşı zorakılığa əl atmağı planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə “Sputnik Georgia” agentliyi məlumat yayıb.
Hökumət başçısı hesab edir ki, müxalifətin təşkil etdiyi və xaricdən maliyyələşən aqressiv gənclər qrupları polisə hücum etməyə hazırlaşır.
“Sabah və o biri gün zorakılıq törətməyi planlaşdıran radikal müxalifətin hər bir nümayəndəsinə xəbərdarlıq etmək istəyirəm ki, onların cinayəti cəzasız qalmayacaq və çox güman ki, Prezident Salome Zurabişvili də onları əfv edə bilməyəcək”, - Kobaxidze vurğulayıb.
Baş nazir polisi maksimum təmkinli olmağa, Avropa və ABŞ-dan daha yüksək standartlara uyğun hərəkət etməyə çağırıb.