Türkiyədən geri çağırılan İsrail diplomatları ölkəyə qayıdırlar - KİV

 17:55 13.05.2024     296

May ayında İsrail, Qəzza zolağında gərginliyin artması fonunda iki ölkə arasında gərginliyin artmasına baxmayaraq, altı ay əvvəl oradan geri çağırdığı diplomatlarını tədricən Türkiyəyə qaytarmağa başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniyada yerləşən "Middle East Eye" (MEE) portalı adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

İsrailli mənbə portala müsahibəsində deyib: “İsrailli diplomatların ölkədən getməsi təhlükəsizlik səbəbi ilə olsa da, İsrail tədricən diplomatlarını Türkiyəyə qaytarmağa çalışır”.

Həmçinin Türkiyə rəsmisi İsrail diplomatlarının öz işlərinə qayıtdığını təsdiqləyib. Bundan əlavə, İsraildəki mənbələrin portala verdiyi məlumata görə, ötən ilin oktyabrında Fələstin HƏMAS yaraqlılarının hücumundan sonra Türkiyənin bu ölkədəki diplomatik missiyasının tərkibi azalmayıb. Türkiyənin Tel-Əvivdəki səfirliyi və Qüdsdəki konsulluğu bütün bu müddət ərzində açıq olub:

“İkitərəfli münasibətlərin çox gərgin olmasına baxmayaraq, biz mümkün riskləri nəzərə alaraq, əlimizdən gələni edəcəyik".

Xatırladaq ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda İsrail və Türkiyə arasında münasibətlər kəskin şəkildə pisləşib. Tərəflər dəfələrlə sərt fikir mübadiləsi aparıblar. 2023-cü il oktyabrın sonunda İsrail Xarici İşlər Nazirliyi “İsrail-Türkiyə münasibətlərini yenidən qiymətləndirmək üçün” Ankaradan diplomatların geri çağırıldığını elan edib. Türkiyə də məsləhətləşmələr üçün Tel-Əvivdəki səfirini geri çağırıb.

Türkiyənin Ticarət Nazirliyi mayın 2-də respublikanın İsraillə ixrac-idxal əlaqələrini tamamilə dayandırdığını elan edib. Nazirliyin məlumatına görə, məhdudlaşdırıcı tədbirlər İsrail Qəzza zolağında dərhal atəşkəs elan edənə və humanitar yardımın adekvat və fasiləsiz axını təmin edənə qədər qüvvədə qalacaq.

T.İSMAYIL