Kansler növbəti "Patriot" sisteminin Ukraynaya verilməsindən DANIŞDI

 23:46 13.05.2024     263

Ukraynaya daha bir “Patriot” hava hücumundan müdafiə sistemi göndərmək qərarı Almaniya rəhbərliyi üçün asan olmayıb.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz bildirib.

“Bildiyiniz kimi, biz Ukraynanı üçüncü "Patriot" sistemi ilə təmin etmək qərarına gəldik və bu, asan qərar deyildi, çünki bizdə onların çoxu yoxdur. Lakin bunu etmək vacib idi”, - kansler bildirib.

O ümid etdiyini bildirib ki, Berlinin nümunəsi bəzi digər Avropa dövlətlərini də eyni addımı atmağa sövq edəcək. Bununla belə, kansler hansı ölkələrdən danışdığını dəqiqləşdirməyib.

Eyni zamanda, hökumət başçısı diqqəti ona yönəldib ki, Almaniya indiyədək Ukraynaya artıq hərbi yardım ayırıb və ya ümumi məbləği 28 milyard avroluq yardım göstərməyi öhdəsinə götürüb. Şolzun ​​sözlərinə görə, 2024-cü ildə Kiyev Berlindən 7 milyard avro məbləğində yardım alacaq.

"Düşünürəm ki, bu bütün Avropada ən böyük rəqəmdir", - kansler deyib.

Qeyd edək ki, mayın 13-də Almaniya hökumətinin başçısı bir neçə ölkənin baş nazirləri ilə birgə mətbuat konfransında iştirak edib. Danimarkada keçirilən tədbirdə krallığın, eləcə də Finlandiya, Norveç, İsveç və İslandiya kabinetlərinin rəhbərləri iştirak ediblər.

T.İSMAYIL