Dünya şöhrətli rejissor İrandan qaçdı
8 il həbs və şallaq cəzasına məhkum edilən iranlı kinorejissor Məhəmməd Rəsulof İrandan qaçmağı bacarıb. Hazırda Avropadadır.
Redaktor.az xəbər verir ki, bu barədə rejissorun "IndieWire” nəşri tərəfindən dərc edilmiş bəyanatında deyilir.
Rəsulofun sözlərinə görə, təxminən bir ay əvvəl vəkilləri ona xəbərdarlıq ediblər ki, apelyasiya məhkəməsi əvvəlki hökmü təsdiqləyib və tezliklə icra olunacaq. "Həbsxana və İranı tərk etmək arasında seçim etməli oldum. Ürəyim ağrıyaraq sürgünü seçdim. İslam Respublikası 2017-ci ilin sentyabrında mənim pasportumu müsadirə edib. Buna görə də gizli şəkildə İranı tərk etməli oldum”, - deyə məlumatda bildirilir.
Rejissor onu da bildirib ki, onun son filmi olan "Müqəddəs əncirin toxumu” filmində rol alan aktyorlardan bəziləri İranı tərk etməyi bacarıb. Hakimiyyət qalanlara təzyiq göstərir, onları dindirir, ölkədən çıxışına qadağa qoyur. Məlumdur ki, İran hakimiyyəti filmin may ayında keçiriləcək Kann kinofestivalının proqramından çıxarılmasını tələb edərək Rəsulofa təzyiq göstərib. "Müqəddəs əncirin toxumu” Tehranda rejimə qarşı etirazlarla bağlı işlərə baxan İnqilab məhkəməsi hakimindən bəhs edir.
Xatırladaq ki, mayın əvvəlində Rəsulofun vəkillərindən biri rejissora həbs, şallaq, cərimə və əmlakı müsadirəsi cızasının verildiyini bildirib. 52 yaşlı rejissor artıq 2022-2023-cü illərdə həbsdə olsa da, səhhətinə görə azadlığa buraxılıb. 2020-ci ildə Rəsulofun "Şər mövcud deyil” filmi Berlin Film Festivalında "Qızıl Ayı” mükafatına layiq görülüb.