Moskva maraq göstərəcəyi təqdirdə Kiyev danışıqlar apara bilər - Blinken
"Moskva bunda maraq göstərərsə, Ukrayna münaqişənin həlli üçün Rusiya ilə danışıqlar apara bilər".
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken Kiyevdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransında deyib.
“Əgər Rusiya Prezidenti Vladimir Putin danışıqlara ciddi maraq göstərsə, əminəm ki, Ukrayna buna cavab verəcək”. Onun sözlərinə görə, indi Moskva guya buna hazır deyil.
Dövlət katibi əlavə edib ki, danışıqlarla bağlı qərarı Ukrayna verməlidir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin, mayın 15-də Kremlin saytında mətni dərc edilən Çinin "Sinxua" agentliyinə müsahibəsində bildirib ki, Rusiya Federasiyası münaqişənin sülh yolu ilə həlli üçün Ukrayna üzrə dialoqa açıqdır, lakin danışıqlar onun maraqlarını nəzərə almalı və qlobal sabitlik və etibarlı təhlükəsizlik təminatlarının müzakirəsi ilə birlikdə getməlidir. Rusiya lideri qeyd edib ki, o, Qərbdən bu cür zəmanətlərin etibarlılığı ilə bağlı problemlər görür.
T.İSMAYIL