Putin Ukraynadakı münaqişənin həllində Çinin mövqeyini alqışladı
Rusiya prezidenti Vladimir Putin çinli həmkarı Si Cinpinlə ikitərəfli görüş zamanı bildirib ki, Rusiya tərəfi ÇXR-in Ukraynadakı vəziyyətlə bağlı mövqeyini yüksək qiymətləndirir.
Redaktor.az bu barədə "Sinxua" agentliyinə istinadən bildirir.
İki dövlət başçıları arasında danışıqlar mayın 16-da Pekində baş tutub. Söhbət zamanı Putin qeyd edib ki, Çin hakimiyyəti Ukrayna münaqişəsi ilə bağlı balanslaşdırılmış və ədalətli mövqedən çıxış edir.
"Rusiya Federasiyası ÇXR-in problemin siyasi həllində mühüm və konstruktiv rol oynamağa davam edəcəyini alqışlayır", - Rusiya prezidenti əlavə edib.
Eyni zamanda o, Moskvanın Ukrayna böhranının sülh yolu ilə həllinə sadiq olduğunu və müvafiq danışıqlarda dürüstlük nümayiş etdirməyə hazır olduğunu vurğulayıb.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, rəsmi danışıqlar başa çatdıqdan və bir sıra digər tədbirlərdə iştirakdan sonra Rusiya və Çin liderləri dörd saatlıq qapalı görüş keçiriblər. Rusiya Federasiyası Prezidentinin nümayəndəsi deyib ki, dövlət başçıları Ukraynadakı mövcud vəziyyəti və müxtəlif beynəlxalq problemləri müzakirə ediblər.
Turan İSMAYIL