ABŞ İranın İsveçdən aldığı tank daşıyıcılarının ölkəyə gəlməsinə mane oldu
İran ABŞ-nin mövqeyinə görə İsveçdən aldığı 150 tank daşıyıcısını qəbul edə bilməyib.
Redaktor.az ISNA-ya istinadla xəbər verir ki, bunu İran ordusunun quru qoşunlarının komandanı, general-mayor Kiyumərs Heydəri deyib.
“Tank daşıyıcılarından söz düşmüşkən, bizim İsveçlə müqaviləmiz var idi və biz 150 ədəd aldıq, onlar (daşıyıcılar - red.) BƏƏ-yə gəldilər, lakin amerikalılar bunu fərq etdi və onlar geri qaytarıldı”, - deyən Heydəri qeyd edib ki, Tehran üçün “bu, problemə çevrilmədi, çünki quru qoşunlarda daşıyıcı çatışmazlığı yoxdur”.
Xatırladaq ki, 1979-cu il İslam İnqilabından sonra İranla ABŞ arasında münasibətlər kəskin şəkildə pisləşdi. Bu, 4 noyabr 1979-cu ildə Tehranda amerikalı diplomatların girov götürülməsi ilə yekunlaşdı. Onlar 1981-ci ilin yanvarında azad ediliblər. Bu, diplomatik münasibətlərin kəsilməsinə səbəb oldu (ölkələr indiyədək onları bərpa etməyib). Birləşmiş Ştatlar İslam Respublikasına qarşı iqtisadi sanksiyalar (o cümlədən İrandan ABŞ-yə neft nəqlinə embarqo) tətbiq etdi. Sanksiyalar bir neçə dəfə genişləndirilib və hələ də qüvvədədir.
Turan İSMAYIL