Ərəb liderləri İsrailin Qəzzadakı hərəkətləri ilə bağlı beynəlxalq araşdırmaya ÇAĞIRDI

 23:37 16.05.2024     254

Ərəb dünyasının liderləri İsrailin Qəzza zolağındakı hərəkətləri ilə bağlı müstəqil beynəlxalq araşdırma aparmağa çağırıblar.

Redaktor.az BNA agentliyinə istinadla xəbər verir ki, bu barədə Ərəb Dövlətləri Liqasının (LAS) Manamada baş tutan sammitinin yekunları üzrə qəbul edilmiş bəyanatda deyilir.

“İsrailin Qəzza zolağına təcavüzü başlayandan bəri Fələstin xalqına qarşı törədilən cinayətlərə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi və müstəqil və qərəzsiz araşdırmalar aparmaq üçün müvafiq beynəlxalq mexanizmlərin rolunun artırılmasına çağırırıq”, - sənəddə deyilir.

Ərəb liderləri həmçinin İsrailin on minlərlə günahsız fələstinlinin ölümü və yaralanması ilə nəticələnən mülki şəxslərə və mülki obyektlərə hücumlar, ayrı-seçkilik etmədən silahlardan istifadə və məcburi köçkünlük cəhdləri də daxil olmaqla, beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn görünməmiş şəkildə pozulmasını pisləyib.

Bu kontekstdə bəyanat müəllifləri vurğulayıblar ki, İsrail humanitar təşkilatların nümayəndələrinə hücumlara icazə verir, onların Qəzza zolağında işinə mane olur və anklav sakinlərinə yardımın çatdırılmasını çətinləşdirir.

Xatırladaq ki, mayın 16-da Manamada Ərəb Liqasının növbəti sammiti keçirilib. Görüş Qəzza zolağında humanitar vəziyyət və Fələstin-İsrail münaqişəsinin həlli perspektivlərinə həsr olunub. Sammit iştirakçıları xüsusilə BMT-ni iki dövlət prinsipi reallaşana qədər işğal olunmuş Fələstin ərazilərində sülhməramlı qüvvələr yerləşdirməyə çağırıblar.

Turan İSMAYIL