Estoniya Rusiyanın torpaq istəyinə yox dedi
""Estoniya Rusiya ilə torpaq mübadiləsi etməmək qərarına gəlib. Rusiyaya verilməsi planlaşdırılan ərazi öz məqsədləri üçün istifadə ediləcək".
Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, bunu Estoniyanın daxili işlər naziri Lauri Lanemets deyib.
O qeyd edib ki, Estoniya əvvəlcə meşə sərhədi torpaqlarını Pskov vilayətində yerləşən Saatse ərazisi ilə dəyişmək istəyib. Lakin sonradan hakimiyyət bu ərazilərdə sərhədin layihələndirilməsi və tikintisinə başlamaq qərarına gəlib.
Estoniya Daxili İşlər Nazirliyi Rusiya ilə ərazi mübadiləsinin mümkünsüzlüyünü açıqlayıb.
Lanemets Estoniya hökumətinin Rusiya ilə dövlət sərhədi və dəniz məkanlarının delimitasiyası ilə bağlı razılaşmalar olmadan sərhəd infrastrukturunun tikintisinə başlamaq qərarını şərh edib.
O izah edib ki, Rusiya ilə torpaq mübadiləsi indi mümkün deyil.
“Yəqin ki, biz Rusiya ilə bir neçə onilliklər, hətta əsrlər boyu heç bir torpaq mübadiləsi aparmayacağıq”, - Estoniya Daxili İşlər Nazirliyinin rəhbəri bildirib.
O, həmçinin qeyd edib ki, Estoniya hakimiyyəti Saatsedən yan keçən yeni yol çəkəcək.
Qeyd edək ki, artıq uzun illərdir ki, Rusiya ilə Estoniya arasında torpaq mübadiləsi məsələsi gündəmə gətirilir. Tallinn vaxtaşırı Saatse kəndi ərazisində yerləşən Saatse Boot-a iddia qaldırıb. 1944-cü ilə qədər ərazi Estoniyanın, ondan sonra isə Pskov vilayətinin bir hissəsi olub. Sahəsi 115,5 hektardır.
Rusiya hələ 2005-ci ildə Estoniya hökuməti ilə müqavilə imzalamağı planlaşdırırdı.
Bu qərar onunla izah edilib ki, sərhəd bəzi torpaqları yarıya bölür və bu, yerli əhali üçün rahat yaşayış şəraiti yaratmır. Məsələn, Estoniyanın elektrik xətləri Rusiyadan keçirdi və əksinə. Bu torpaqda gəzmək də mümkün deyildi, sərhədə yaxın yollarda maşınlar dayana bilmirdi.
Bunun müqabilində Estoniya Rusiyaya öz torpaqlarından bir neçəsini verəcəyini vəd etdi.
İndi isə bu vəddən imtina etdi.
Sultan AYXAN