"Helikopterin tapılmasında heç bir xarici yardım almamışıq" - İran
Qızıl Aypara xilasediciləri İran Prezidenti İbrahim Rəisinin qəzaya düşdüyü helikopterin qalıqlarını 2500 metrlik yüksəklikdə tapıblar.
Redaktor.az İRNA-ya istinadla xəbər verir ki, bunu İran Qızıl Aypara Cəmiyyətinin sədri Kulivənd jurnalistlərlə söhbətində İran prezidenti və onunla birgə olanların helikopterinin qəzaya uğradığı yeri müəyyənləşdirmək üçün aparılan əməliyyatın təfərrüatları ilə bağlı danışarkən deyib.
O əlavə edib ki, Qızıl Aypara, SEPAH, Bəsic (könüllülər təşkilatı), ordu, yanğınsöndürmə idarəsi, böhran idarəsi və Təcili Tibbi Yardım da daxil olmaqla, bütün qüvvə və birliklərdən 2000-dən çox adam axtarış və təhqiqat əməliyyatlarında iştirak edib.
Kulivənd helikopterin qalıqlarının tapılmasında xaricdən yardım alınması haqqında deyib:
"Axtarış və şəxsiyyəti müəyyənləşdirmə əməliyyatı tamamilə İranın xilasetmə qüvvələri tərəfindən həyata keçirilib və biz heç bir xarici yardım almamışıq. Bunun xarici yardım olduğunun deyilməsi şayiədir. Helikopterin qalıqlarının tapıldığı vaxtdan qəza yerinə çatmaq fasiləsi 40 dəqiqə çəkib".
Turan İSMAYIL