Helikopterin qəzaya düşməsinin səbəbləri araşdırılmağa başlandı

 18:31 20.05.2024     242

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri respublika prezidenti İbrahim Rəisinin özünün və onu müşayiət edənlərin həlak olduğu helikopterin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün komissiya yaradılmasına göstəriş verib.

Redaktor.az xəbər verir ki, bu barədə İRİB telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, komissiyaya general-mayor Əli Abdullahi rəhbərlik edib. Qrupun tərkibinə hərbi və texniki ekspertlər daxil olacaq, onlara prezidentin və Xarici İşlər Nazirliyinin rəhbərini daşıyan vertolyotun qəzaya uğramasının səbəblərini ətraflı öyrənmək tapşırılıb.

Komissiya artıq İranın Şərqi Azərbaycan əyalətində baş verən hadisə yerinə gəlib və araşdırmalara başlayıb. Telekanal qeyd edir ki, çöl tədqiqatlarının nəticələri daha sonra açıqlanacaq.

Turan İSMAYIL