Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən 46 nəfər saxlanıldı
Türkiyə xüsusi xidmət orqanları FETÖ təşkilatının tərəfdarlarına qarşı yeni əməliyyat keçirib.
Redaktor.az TRT Haber telekanalına istinadla xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya məlumat verib.
“FETÖ tərəfdarlarına qarşı əməliyyat 28 əyalətdə keçirilib, Ankara və İstanbul da daxil olmaqla 46 nəfər saxlanılıb", - deyən nazirin sözlərinə görə, əməliyyat Ankara prokurorluğunun FETÖ ilə əlaqəsi olan hüquq-mühafizə orqanlarının nümayəndələri olan “polis əməkdaşlarının işi” ilə bağlı apardığı istintaq çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, Türkiyə hakimiyyəti 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhdin təşkilində ABŞ-də yaşayan Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ təşkilatını ittiham edir. Qarşıdurma nəticəsində 253 nəfər həlak olub, 2,2 min nəfər yaralanıb. Ankara dəfələrlə ABŞ-dən Gülənin ekstradisiyasını tələb etsə də, bu cəhdlər indiyədək heç bir nəticə verməyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 20-də bildirib ki, Ankara son nümayəndəsi məsuliyyətə cəlb olunana qədər FETÖ tərəfdarlarını təqib edəcək.
Turan İSMAYIL