Rusiyanın müvəqqəti işlər vəkili Litva XİN-ə çağırıldı

 14:31 22.05.2024     261

Rusiyanın müvəqqəti işlər vəkili Litva Xarici İşlər Nazirliyinə çağırılıb.

Redaktor.az DELFI-yə istinadən xəbər verir ki, bu barədə Litva XİN məlumat yayıb.

 

Bildirilib ki, Rusiyanın Finlandiya və Litva ilə su sərhədlərinin yenidən müəyyənləşdirilməsi ilə bağlı Rusiyanın birtərəfli qərarına görə rusiyalı diplomat izahat üçün XİN-ə dəvət olunub.

Litva xarici işlər naziri Qabrielius Landsbergis isə bildirib ki, Litva və Finlandiya ilə dəniz sərhədlərini yenidən cızmaq niyyətində olan Rusiya növbəti hibrid əməliyyatı həyata keçirir.

Litva Xarici İşlər Nazirliyinin rəhbəri bunun müvafiq cavab tələb etdiyini vurğulayıb: "Rusiyanın daha bir hibrid əməliyyatı davam edir, bu dəfə Baltik dənizində öz niyyətləri ilə bağlı qorxu, qeyri-müəyyənlik və şübhə yaymağa çalışır. Bu, NATO və Aİ-yə qarşı açıq-aşkar eskalasiyadır və buna müvafiq qəti cavab verilməlidir".

Xatırladaq ki, Rusiya hakimiyyəti birtərəfli qaydada ölkənin Baltik dənizində Litva və Finlandiya ilə dəniz sərhədlərini dəyişdirmək qərarına gəlib.

Müdafiə Nazirliyinin hazırladığı sənədə əsasən, Rusiya Finlandiya körfəzinin şərqindəki, eləcə də Kalininqrad vilayətinin Baltiysk və Zelenoqradsk şəhərləri yaxınlığındakı akvatoriyanın bir hissəsini özünün daxili dəniz suları elan etmək niyyətindədir.