İlon Mask cərimələnməkdən qorxdu, Türkiyədə ofis açdı

 16:54 23.05.2024     209

Əvvəllər "Twitter" kimi tanınan "X" sosial şəbəkəsi Türkiyə hakimiyyətinin çoxsaylı tələblərindən sonra Türkiyədə nümayəndəlik açıb.

Redaktor.az xəbər verir ki, bu barədə nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu CNN Türk telekanalının efirində bildirib.

Nazirin sözlərinə görə, "X" şirkəti Türkiyədə nümayəndə təyin edə bilməyib, lakin onlar danışıqlar aparırdılar. Sosial şəbəkəyə təsirli təzyiq olaraq, reklamlara məhdudiyyət qoyulub və ona girişin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib. Bundan sonra "X" Türkiyədə nümayəndəliyini açıb. Uraloğlu onu da qeyd edib ki, "X" şirkəti nümayəndəliyini açmasaydı, cərimələrlə üzləşəcəkdi.

Daha əvvəl Türkiyənin tənzimləyici orqanı, İnformasiya Texnologiyaları və Rabitə Təşkilatı, ölkənin qanuni tələblərinə uyğun gəlmədiyi və əvvəllər tətbiq edilmiş cərimələri ödəmədiyi təqdirdə sosial şəbəkəyə girişi 90% məhdudlaşdıra biləcəyi barədə xəbərdarlıq etmişdi.

Qeyd edək ki, 2020-ci ildə Türkiyə sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı yeni qaydaları təsdiqləyib. Beynəlxalq platformalar Ankara ilə birbaşa əlaqə saxlamaq üçün ölkədə rəsmi nümayəndələr təyin etməli idi. Bu tələbə əməl etməyən şirkətlər 10 milyon lirə inzibati cəriməyə məruz qalıb.

Xatırladaq ki, "X" şirkəti amerikalı milyarder İlon Maska məxsusdur.

Turan İSMAYIL