Cənubi Afrika prezidenti İsraildən BMT məhkəməsinin qərarlarına əməl etməyi tələb etdi

 20:59 24.05.2024     289

Cənubi Afrika İsraildən Qəzza zolağında fələstinlilərin İsrailin hərbi əməliyyatlarından müdafiəsi ilə bağlı Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinin bütün qərarlarına əməl etməyi tələb edir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Cənubi Afrika prezidenti Siril Ramafosa deyib.

O, məhkəmənin Qəzzada Fələstinin Rəfah şəhərinin əhalisini qorumaq üçün təcili tədbirlər görməsinə dair qərarını alqışladığını vurğulayıb.

"Beynəlxalq hüquqa görə, İsrail bu məhkəmə qərarına və 26 yanvar və 28 mart tarixli qərarlara əməl etməyə borcludur. Biz bütün dövlətləri məhkəmənin nəticələrindən sonra İsraillə münasibətlərinə yenidən baxmağa məcbur edən qanuni göstərişlərə əməl etməyə çağırırıq.

Cənubi Afrika İsrailin Qəzzaya göndərilən yardımın həcmini məhdudlaşdırmasından və yardım göstərmək üçün istifadə edilən infrastrukturu sistematik şəkildə hədəfə almasından ciddi şəkildə narahatdır”, - deyə prezident bildirib.

 "Söhbət Qəzza zolağında heç bir fərdi məsuliyyət daşımadıqları hərəkətlərə görə kollektiv cəzalar nəticəsində yeddinci ay əziyyət çəkən adi fələstinlilərdən gedir", - prezident əlavə edib.

Xatırladaq ki, 2023-cü ilin dekabrında Cənubi Afrika İsraili Qəzza zolağında soyqırımda ittiham edərək Beynəlxalq Ədalət Məhkəməsində bu ölkəyə qarşı iddia qaldırıb. Yanvarın 26-da Haaqa məhkəməsi ehtiyat tədbirləri çərçivəsində Qəzzada soyqırımın qarşısının alınması üçün yəhudi dövlətinin bütün lazımi tədbirləri görməsinə qərar verib. Fevralın 13-də Cənubi Afrika hökuməti Rəfahdakı hərbi əməliyyatın dərhal dayandırılmasına nail olmaq üçün Haaqa məhkəməsinə təcili sorğu göndərib. Martın 6-da Cənubi Afrika Qəzzada aclığın qarşısını almaq üçün təcili ərizə ilə yenidən bu məhkəməyə müraciət edib. Bu ay Rəfahla bağlı üçüncü ərizə verilib.

Turan İSMAYIL