"Çin Ukrayna böhranının davam etməsinə töhfə verir" - ABŞ-dən Çinə XƏBƏRDARLIQ

 21:14 24.05.2024     249

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen Çinin Ukrayna böhranının davam etməsinə töhfə verdiyini bəyan edib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinkenin Avropaya gözlənilən səfərinə həsr olunmuş jurnalistlər üçün xüsusi onlayn brifinqdə çıxış edən O'Brayen deyib ki, “biz Çinin Ukraynadakı münaqişənin iştirakçısı olduğunu vurğulayırıq”. Onun sözlərinə görə, Çin Ukraynadakı hərbi əməliyyatlarında Rusiyaya dəstək verir.

"Çinə mesajımız budur ki, buna son qoyulmalıdır" - deyən Dövlət Departamentinin rəsmisiin fikrincə, Pekin ABŞ-nin mövqeyini ciddi qəbul edir və bunu Vaşinqtonun Avropalı müttəfiqləri və tərəfdaşları da çatdırır.

“Biz etiraf edirik ki, Çin bu (Ukrayna -red.) münaqişəsinin davam etdirilməsinə töhfə verir və Rusiyaya Avropanın özü üçün təhlükə yaratmağa kömək edir”, - Dövlət Departamentinin sözçüsü deyib. Onun sözlərinə görə, Vaşinqton Çinə qarşı əlavə məhdudlaşdırıcı tədbirlərlə bağlı Avropadakı həmkarları ilə məsləhətləşmələri davam etdirir.

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken mayın 29-30-da Kişinyov və Praqaya səfər edəcək, Çexiyanın paytaxtında isə NATO nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək. Bundan əlavə, Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir ki, mayın 28-29-da ABŞ dövlət katibinin birinci müavini Kurt Kempbell Brüsselə səfər edəcək, burada NATO, Aİ və Belçika hökumətinin nümayəndələri ilə görüşlər keçirəcək.

Turan İSMAYIL