Ermənistan yenə qarışdı - 67 aksiyaçı saxlanıldı

 09:49 27.05.2024     161

Ermənistanda “Vətən naminə Tavuş” müxalif hərəkatının tərəfdarları yenidən itaətsizlik aksiyası keçirir.

Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, etirazçılar bir neçə dövlətlərarası yolu bağlayıb.

Bununla yanaşı, paytaxt İrəvanda da bir neçə küçə bağlanıb. Hazırda əsas olaraq İrəvan-Aştarak və İrəvan-Armavir yolunun bağlı olduğu bildirilir. Hərəkatın lideri, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan da aksiyada iştirak edir. O, avtomobillə Abovyan və Sayat Nova küçəsinin kəsişməsini bağlayıb. 

Bir müddət sonra polis Ermənistan paytaxtında etirazçıları saxlamağa başlayıb.

Polisin məlumatına görə, İrəvanda ümumilikdə 67 etirazçı saxlanılıb.

Xatırladaq ki, Baqrat Qalstanyan mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb.

Onun tələbi cavabsız qaldıqda, Qalstanyan itaətsizlik aksiyalarına start verildiyini açıqlayıb.