Fransanın müdafiə naziri Papazyana nə deyib? - Parisin Bakıya qarşı planı üzə çıxdı
“Misak Manuşyana həsr olunmuş tədbirdə mən Fransanın müdafiə nazirindən soruşdum ki, Fransa Ermənistanla hərbi əməkdaşlıq baxımından nə qədər irəli getməyə hazırdır? O cavab verdi ki, Ermənistan nə qədər irəli getməyə hazırdırsa, Fransa da o qədər hazırdır”.
Redaktor.az erməni mediyasina istinadən xəbər verir ki, bu barədə Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri, daşnak Murad Papazyan deyib.
Papazyan qeyd edib ki, Ermənistanın bununla bağlı rəsmi mövqeyindən xəbəri yoxdur.
“Əgər Ermənistan daha geniş hərbi əməkdaşlıq tələb etsə, Fransa razılaşacaq. Biz də Fransanın razılaşması üçün əlimizdən gələni edəcəyik. Biz çalışırıq ki, Ermənistan və Fransa ciddi hərbi əməkdaşlıq qursun”, - o deyib.
Papazyan bildirib ki, Fransanın Ermənistana qoşun yeridəcəyini düşünmür: “Biz çalışmalıyıq ki, Fransa buna razı olsun. İrəvan də balanslaşdırılmış siyasət yürütməlidir. Əgər diqqətini yalnız Qərbə yönəltsə və Rusiyaya qarşı düşmənçilik etsə, Qərbin girovuna çevriləcəyi üçün uğur qazana bilməz. Rusiya, Qərb, Hindistan, Çin və digər güclərlə əlaqələri inkişaf etdirmək lazımdır”.
Qeyd edək ki, Fransa Ermənistanı aktiv şəkildə silahlandırır və əsas məqsədi erməniləri gələcəkdə Azərbaycana qarşı qisasa hazırlamaqdır.