HƏMAS bu ölkənin Fələstini tanımaq qərarını alqışladı
Fələstinin radikal HƏMAS hərəkatı Sloveniya hökumətinin Fələstinin müstəqilliyini tanımaq qərarını alqışlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə HƏMAS-ın "Telegram" kanalında dərc olunmuş xüsusi bəyanatında deyilir.
Orada bildirilir ki, Sloveniya hökumətinin belə bir addımı Fələstinin azadlıq və müstəqillik istəklərini, həmçinin İsrailin Fələstin torpaqlarını və Fələstin xalqının müqəddəs yerlərini işğalına son qoymağı dəstəkləyir. HƏMAS dünya ölkələrini Qəzza zolağında Fələstin xalqına qarşı soyqırım müharibəsi aparan İsraili təcrid etmək üçün əlavə tədbirlər görməyə çağırıb.
Bundan əvvəl Sloveniyanın baş naziri Robert Qolob bildirmişdi ki, ölkə hökuməti Fələstini müstəqil və suveren dövlət kimi tanımaq qərarına gəlib. O bildirib ki, söhbət 1967-ci il sərhədləri daxilində tanınmadan gedir. Sloveniya Dövlət Assambleyası iyunun 4-də hökumətin Fələstini tanımaq təklifinə baxacaq. Sloveniya Press Agentliyinin məlumatına görə, hakim koalisiya Nazirlər Kabinetinin təşəbbüsünü dəstəkləmək niyyətindədir.
Xatırladaq ki, mayın 22-də İrlandiya, İspaniya və Norveç hakimiyyəti Fələstinin dövlətçiliyini tanımaq qərarını açıqlayıb. Buna cavab olaraq İsrailin xarici işlər naziri İsrael Katz Dublin, Madrid və Oslodan səfirlərinin məsləhətləşmələr üçün geri çağırıldığını açıqlayıb. Eyni zamanda İrlandiya, İspaniya və Norveç diplomatik nümayəndəliklərinin rəhbərləri yəhudi dövlətinin Xarici İşlər Nazirliyinə çağırılıb və orada demarş elan edilib.
Turan İSMAYIL