Ukrayna Rusiyaya “F-16”larla zərbələr endirə bilər
Son dövrlərdə Kremlin Ukraynaya hücumları artdığına görə Kiyev Rusiya ərazisinə zərbələr endirmək üçün Qərbdən razılıq almağa çalışır. Yəni Ukrayna Qərbin göndərəcəyi ağır silahlardan Rusiya ərazisində istifadə etmək niyyətindədir.
Redaktor.az-ın məlumatına görə, Ukrayna Ali Radasının deputatı Andrey Kloçko "Report"a bildirib ki, məsələ ilə bağlı parlament nümayəndə heyəti NATO Parlament Assambleyasının iclasında iştirak edib: "Nümayəndə heyətimiz NATO ölkələrindən tədarük edilən silahların Rusiya ərazisində, eləcə də müvəqqəti işğal altında olan Ukrayna ərazisində istifadəsinə icazə verilməsi üçün qətnamənin səsverməsinə nail olub. Bu, düzgün qərardır. Bizə düşmənimiz olan Rusiyaya maksimum tez bir zamanda ziyan vurmağa imkan verəcək. Bu isə Ukraynaya ərazilərini qaytarmağa, ədaləti bərqərar etməyə imkan verəcək”.
Hərbi-siyasi şərhçi Taras Berezovets isə "Report"a bildirib ki, hazırkı məqamda Rusiya ərazisinə Qərbin göndərdiyi silahlarla zərbələrin endirilməsinə icazəni 11 Avropa ölkəsi və Kanada verib: "Almaniya, Portuqaliya və İtaliya buna qarşı çıxıblar. Bu ölkələrin rəhbərləri hesab edirlər ki, Ukraynanın Rusiya ərazisinə belə hərbi hücumları lazım deyil”.
T.Berezovetsin sözlərinə görə, ABŞ mətbuatında da bugünlərdə informasiya yayılıb ki, Vaşinqton bu təşəbbüsün əleyhinə deyil: “Amerika daha çox Rusiya ərazisində hava hücumu nöqtələrinə zərbələrin endirilməsini dəstəklədiyini bildirib. Bu, olduqca çətin prosesdir. Son bir neçə ildir Qərb tərəfdaşlarımız, əsasən də ABŞ və Almaniya sadəcə müşahidəçi mövqeyi tutur. Onların gözü qarşısında Rusiya Ukrayna ərazisində mülki obyektlər də daxil, strateji infrastrukturlara ciddi zərbələr endirir. Nəhayət ki, Ukrayna bu qədər zərbələr aldıqdan sonra qərbli tərəfdaşlarımızın mövqeyində hansısa dəyişiklik oldu”.