Türkiyənin bəzi əraziləri bu gün yenidən seçir

 10:41 02.06.2024     329

Bu gün Türkiyənin üç rayon və dörd qəsəbəsində təkrar bələdiyyə seçkiləri keçiriləcək.

Redaktor.az xəbər verir ki, 212 məhəllədə isə seçicilər muxtarı müəyyənləşdirməlidirlər.

Ölkənin Ali Seçki Komissiyası martın 31-də keçirilən yerli seçkilərdən sonra daxil olan etirazları araşdıraraq sözügedən ərazilərdə seçkilərin yenilənməsinə qərar verib.

Buna uyğun olaraq ölkənin müxtəlif bölgələrində keçiriləcək muxtar seçkiləri ilə yanaşı Kayserinin Pınarbaşı, Şanlıurfanın Hilvan və Aksarayın Güzelyurt elçələri ilə Sivasın Yıldızeli elçəsinə bağlı Güneykaya, Kırklarelinin Lüleburqaz elçəsinə bağlı Büyükkarıştıran, Tuncelinin Mazgirt elçəsinə bağlı Akpazar və Aksaraya bağlı Sağlık bəldələrində seçicilər bələdiyyə başqanlarını seçmək üçün məntəqələrə üz tutacaqlar.

Seçicilər saat yerli vaxtla 08:00-17:00 (Bakı vaxtı ilə 09:00-18:00) arası səs verə biləcəklər. Seçkilərlə əlaqəli yayım qadağası qanuna uyğun olaraq saat 21:00-dək (Bakı vaxtı ilə 22:00) qüvvədə olacaq. 

Qeyd edək ki, bələdiyyə başqanından fərqli olaraq muxtarlar namizədliyini ancaq müstəqil şəkildə irəli sürə bilər.

Xatırladaq ki, martın 31-də keçirilmiş bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyası (CHP) 37,76 % səslə 1977-ci ildən bəri ilk dəfə birinci olub və yerli idarəetmə səviyyəsində hakim partiyaya çevrilib. CHP paytaxt Ankara və İstanbul daxil olmaqla 14 böyük şəhərdə qalib gəldiyi halda, hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) 35,48 faiz səslə ikinci olub.

İştirak etdikləri ilk yerli seçkilərdə Yenidən Rifah Partiyası ölkə daxilində 6,19 faizlə üçüncü partiya olub və bir böyük şəhər daxil olmaqla bir sıra bölgələrdə qazandığı qələbələrlə seçkidə diqqətçəkən siyasi qüvvələrdən biri olub.