"Əhmədinejad prezident seçilərsə, münasibətlər daha gərgin olacaq" - AÇIQLAMA
İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması səbəbi ilə ölkədə iyunun 28-də növbədənkənar prezident seçkiləri keçiriləcək. İndiyədək 37 namizədin qeydə alındığı bildirilir. Namizədlər içərisində İranın eks-prezidenti Mahmud Əhmədinejadın da adı yer alıb.
Bəs Əhmədinejatın yenidən dövlət başçısı seçilməsi mümkündürmü? O, prezident seçilərsə, İran-Azərbaycan münasibətləri hansı istiqamətdə inkişaf edəcək?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, iki ölkə arasında yaşanan ən böyük gərginliklər M.Əhmədinejadın dövrünə təsadüf edir.
"O, 2005-ci ildən 2013-cü ilə qədər İranın prezidenti oldu. Həmin dövr Azərbaycan-İran münasibətlərində müəyyən gərginliklərin olduğu dövr kimi tarixdə qaldı. Belə ki, bu dövrdə bayraq böhranı, müdafiə nazirimizə qarşı qəbuledilməz davranışlar və bir çox şeyin şahidi olduq" - deyən həmsöhbətimiz qeyd etdi ki, Azərbaycan-İran münasibətlərində ən gərgin dövr İkinci Qarabağ savaşından sonrakı mərhələ hesab olunur:
"Çox təəssüf ki, bu ölkə qələbəmizi qəbul etmək istəmədi. Baxmayaraq ki, İranın uzun illər Ermənistan üçün “nəfəslik” rolunu oynadığını görürdük və buna qarşı kəskin mövqe bildirmirdik.
Müharibədən sonra İran müxtəlif bəhanələrlə Azərbaycana qarşı kəskin daranış sərgilədi, sərhəddə müxtəlif hərbi təlimlər təşkil etdi, deputatlarımız hədələndi və s. Bütün bunların işə yaramayacağını anlayan İran tərəfi müəyyən yumşalmalara getməyə məcbur qaldı. Son dövrlər iki ölkə arasındakı münasibətlərin normallaşmasına ümidlər artdı".
Bundan sonra Azərbaycan-İran münasibətlərinin necə olacağına gəlincə, politoloq düşünür ki, münasibətlər prezidentlərin son bəyanatlarına uyğun şəkildə qurulacaq.
"Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan–İran münasibətlərini heç kim poza bilməz. Biz bunu çox istəyirik. Amma onu da bilirik ki, İranın Azərbaycanla bağlı tutduğu mövqe yəqin ki, yenə də müəyyən böhranların yaranmasına gətirib çıxaracaq. Çünki Azərbaycanın müstəqil siyasəti İranda ciddi etiraz doğurur.
Mahmud Əhmədinejadın növbəti dəfə prezident seçilməsi halında yəqin ki, münasibətlər daha gərgin olacaq. Çünki biz bunun 2005-2013-cü illərdə şahidi olduq. Yenə də ümid edək ki, kimin seçilməsindən asılı olmayaraq iki ölkə arasındakı münasibətlər dostluq səviyyəsində qurulacaq. Burada hər şey İrandan, yeni seçiləcək prezidentdən və dini liderdən asılı olacaq”, - deyə A.Səmədov vurğuladı.
Yusif SƏMƏDZADƏ