Gürcüstan ABŞ ilə ekstradisiya sazişi imzalamağı planlaşdırır
Gürcüstan hakimiyyəti 2024-cü ilin sonuna kimi ABŞ ilə ekstradisiya sazişi imzalamağı planlaşdırır.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidzenin 2023-cü ilin iyunundan 2024-cü ilin mayına qədər olan dövr üçün hökumət proqramının icrası haqqında hesabatında deyilir.
Gürcüstan parlamentinin saytında dərc olunan sənəddə qeyd edilib ki, hesabat dövründə Tbilisi və Vaşinqton ekstradisiya haqqında sazişi paraflayıb. “Sazişin imzalanması və sonrakı ratifikasiya üçün parlamentə təqdim edilməsi 2024-cü ilə planlaşdırılır”, - məlumatda deyilir.
Xatırladaq ki, 2023-cü ilin dekabrında Gürcüstanın ədliyyə naziri Rati Breqadze və respublikanın keçmiş baş prokuroru İrakli Şotadze ABŞ-yə rəsmi səfər etdilər və bu səfər zamanı iki ölkə arasında ekstradisiya haqqında saziş paraflandı. Paraflamada Amerika tərəfdən ABŞ baş prokurorunun müavini və beynəlxalq əlaqələr üzrə katib Brüs Şvarts iştirak edib. Gürcüstan və ABŞ 2023-cü ilin yanvarında ekstradisiya sazişinin bağlanması üzrə danışıqlara başlayıb. Gürcüstan Baş Prokurorluğunda qeyd edildiyi kimi, sənəd hər iki ölkənin hüquq-mühafizə orqanlarına cinayətkarlıqla mübarizədə səmərəliliyi və effektivliyi daha da artırmağa imkan verəcək.
Turan İSMAYIL