Şagird müəllimin cəzasına görə əlil oldu

 19:21 04.06.2024     313

Malayziyada müəllim 11 yaşlı uşağı cəza olaraq istidə qoyaraq əlil edib. 

Redaktor.az xəbər verir ki, bu barədə "The Straits Times" məlumat yayıb. 

Aprelin sonunda Ampang Jayadan olan şagird müəllimi ilə nalayiq davranıb və müəllim cəza olaraq şagirdi qızmar günəşin altında üç saat dayanmağa məcbur edib. Bundan sonra uşaq istidən əziyyət çəkib və xəstəxanaya yerləşdirilib. Daha sonra psixi problemlər yaşamağa başlayan oğlan əlil kimi tanınıb.

Zərərçəkənin anası oğlunun əvvəllər şən olduğunu, bacı-qardaşları ilə oynamağı çox sevdiyini, indi isə tək vaxt keçirməyə, öz-özünə danışmağa üstünlük verdiyini deyib.

“Xəstəxana dedi ki, oğlumu daha adi məktəbə göndərmək mümkün deyil. Deyirlər ki, onu xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün məktəbə göndərmək lazım olacaq”, - deyə qadın şikayətlənib.

Uşağın yaxınları şagirdi cəzalandıran müəllimin əməlini qınamayan məktəb rəhbərliyini məhkəməyə verib. Müəllim tezliklə əməllərinə görə məhkəmə qarşısında cavab verəcək.

Turan İSMAYIL